Şirvan Milli Parkı


Şirvan Milli Parkı (ŞMP) dəniz səviyyəsindən təxminən 20-27 m aşağıda yerləşir və bir neçə süni kanallar, yarım-süni göl, eləcə də azsaylı palçıq vulkanlarını çıxmaq şərtilə ümumilikdə düz, yarımsəhra ərazidən ibarətdir. ŞMP-nin ərazisindən aydın hava şəraitində Böyük Qafqazın qarla örtülü zirvələrini və Azərbaycanın cənub-şərqində yerləşən Talış dağlarını görmək mümkündür. Təxminən 30 km məsafədə yerləşən Qobustanın cənub təpələrini də müşahidə etmək olur. Bura yerli və əcnəbi qonaqlar üçün qəribə və özünəməxsus landşaft olsa da, Azərbaycan üçün tipik landşaftdır.
ŞMP ərazisinin yalnız kiçik bir hissəsində, girişə yaxın ərazidə, alçaqboylu meşəyə rast gəlmək mümkündür. Kollara girişə yaxın ərazidə və ŞMP-nin içərisində bəzi sahələrdə təsadüf edilir. Sahilə yaxın hissələrdə də bəzi kolluq ərazilər var. Palçıq və daş yığınlarından ibarət olan Bəndovan dağı gilli və qumlu sahili bir-birində ayırır. Şimalda dəniz sahili balıqqulağı qabıqları ilə örtülüdür. Bu ərazi istirahət üçün çox əlverişlidir. Cənuba doğru getdikcə sahildə qırmızı dyunlar (bir-neçə metr hündürlükdə) və alçaq qayalıqlar, eləcə də dayaz laqun görünür. Demək olar ki, parkın tam ortasında yerləşən çökəklik süni kanallar və yağıntı nəticəsində duzlu su ilə dolub. Quraq fəsillərdə gölün şərq hissəsində duz yığınları əmələ gəlir. Ən cənub hissələrdə (Durovdağa yaxın) bir çox dayaz göllər isti yay aylarında gözəl, ağ duz yığınlarına çevrilir. ŞMP-də çay yataqlarını tapmaq olduqca çətindir. Belə ki, Kürün deltasının qədim qalıqları fəzadan çəkilmiş şəkillərdə görünsə də həqiqətdə bu çökəkliklər bir-neçə desimetrdən dərin deyil. 
ŞMP Azərbaycanda yeganə yerdir ki, burada təbii yarımsəhra bitkiliyi qalmışdır və ya ən azından bərpa olunmaqdadır. Bu bitkiliklər əsasən Artemisia, Salsola, Halocnemetum-dan və alçaq boylu, birillik, efemeroidlərdən ibarət şoranlıq və psammofit bitki cəmiyyətlərindən təşkil olunmuşdur. Müxtəlif fəsillərdə bitkilərin rəngləri olduqca fərqlənir və əraziyə tamamilə fərqli görüntülər verir.









Ceyran düzən, yarımsəhra və səhra növüdür. Dünyada ən çox yayılan məhz bu növdür. Növün yayılma arealı Ərəbistan yarımadasının düzən ərazilərindən başlayaraq yaxın şərqin və Mərkəzi Asiyanın səhra qurşaqlarından keçir və qərbi Çin, Monqolustana qədər uzanır.
Xəzərin şərqində, İran və şərqi Transqafqaz ərazisində yayılan Gazella subgutturosa subgutturosa yarım növüdür. Kür-Araz ovalığında ceyranlar tarixən digər populyasiyalarından  təcrid olunublar. Bunun əsas səbəbi Transqafqaz və Mərkəzi Asiyada güclü qar yağıntılarının yoxluğu və yem bazasında qıtlığın olmamasıdır. Ona görə də sürülərin mövsümi köçünə ehtiyac qalmır. Azərbaycan istisna olmaqla bir çox ölkələrdə ceyranların nəsli kəsilib və bu gün də sayının azalması davam etməkdədir. Ceyran populyasiyasının Şirvan Milli Parkındakı bərpa tarixçəsi Dünya miqyasında yeganə nümunədir (aşağı bax). Başqa heç bir yerdə bu qədər ceyranı müşahidə etmək mümkün deyil (Sebastian Schmidt & Dorothea Pietzsch: Şivan Milli Parkında Gazella subgutturosa subgutturosa populyasiyasının sayına töhvə. Archiv Vol. 46-ya əsasən).
Ceyranlar tər və ya quru otlar, bitkilərlə qidalanır. Yalnız çox isti yay aylarında onlar hər gün su içmək zərurəti hiss edirlər. Park ərazisində olan kanallar, göl və kiçik su gölməçəsi onların su ehtiyacını qarşılayır. Lakin ceyranların müntəzəm olaraq Xəzər dənizinin suyunu içmələri çox təəccüblüdür. Hətta bəzən dalğaların qoynunda çimməkdən zövq alan ceyranları da görmək mümkündür.
Ceyranlar üçün yerli yırtıcılar canavar, çaqqal və eləcə də, itlərdir. Şirvan Milli Parkında canavarların kifayət qədər güclü populyasiyasının olmasına baxmayaraq, onlar ceyranların sayına ciddi mənfi təsir etmirlər. Müxtəlif müşahidələr sübut edib ki, canavarlar sağlam fərdləri tuta bilmir. Yalnız yaralı, xəstə və ya yaşlı fərdlər onların qurbanına çevrilir. Bu da onu göstərir ki, canavarlar əksinə, faydalı olan sanitar xidməti göstərirlər.




Şirvan Milli Parkı ilin bütün fəsillərində quşların müşahidəsi üçün əla yerdir. Parkda düzən, yarımsəhra və hətta su-bataqlıq əraziləri üçün xarakterik olan quşları görmək mümkündür. Əsas cəlbedici növlərdən biri qışlayan qızılqazlardır (flaminqo). Onlar avqust ayında öz yuvalama arealları olan Qazaxıstan torpaqlarından buraya uçub gəlir və ərazini aprelin sonu yaxud may ayının əvvəlində tərk edirlər. Qızılqaz gölündə yüzlərlə, bəzən isə minə yaxın qızılqazı görmək mümkündür. Eyni zamanda qutanlar, qazlar, ördəklər, qaşqaldaqlar, vağlar, qarabatdaqlar və digər su-bataqlıq quşları gölün quş aləmini daha da zəngin edir. 
Digər əhəmiyyətli qışlayan növlərə bəzgəyi göstərmək olar. Şirvan Mİlli Parkının ərazisində bəzgəklər bir neçə ay dincəlirlər. Burada 30.000-ə dək bəzgək sayılmışdır ki, bu da dünya populyasiyasının 10%-ni təşkil edir. Qış mövsümünün digər xüsusi qonaqları yırtıcı quşlardır. Bunlara misal olaraq ağbaş və qara kərkəzi, ağ-quyruq dəniz qartalını və imperator qartalını, çay qaraquşunu göstərmək olar. Siz həmçinin dağ vüroku, dağ kətanquşu və  buynuzlu torağay kimi yüksək dağ quşlarını da burada görə bilərsiniz.   
Payız aylarında köç zamanı bir gün ərzində 1.000-dən çox çöl qartalı və yarım milyon qaranquş milli parkın ərazisində dincəlir.
Yayda torağaylar hər tərəfdə göy üzündə oxuyurlar. Parkın ərazisində ən azı 5 növ, o cümlədən, kəkilli torağay, boz torağay, çöl torağayı, tarla torağayı və meşə torağayı yuvalayır.








Bunlardan əlavə Milli Parkın ərazisində müxtəlif növ yırtıcılara, sürünənlərə, suda-quruda yaşayanlara rast gəlmək mümkündür. Canavar, çaqqal, tülkü, tısbağa, ilanlar və s. misal göstərmək olar.


Комментариев нет:

Отправить комментарий